FETTEL BRAZİLİYADA BİRİNCİ OLDU

2017-ci il Formula 1 mövsümünün belə demək mümkünsə, son akkordları vurulur. Həftəsonu pilotlar Braziliya qran-prisində bacarıqlarını nümayiş etdiriblər. Bu mərhələdə ən yüksək nəticəni isə “Ferrari” təmsilçisi Sebastyan Fettel göstərib. Marşrutu 1 saat, 31 dəqiqə, 26.260 saniyəyə qət edən almaniyalı pilot mövsümdə 5-ci qələbəsinə imza atmaqla ümumi nəticədə ikinci yerini bir qədər də möhkəmlədib. Hazırda onun aktivində 302 xal var və ikincilik uğrunda mübarizədə Fettelin ən yaxın rəqibi Braziliya mərhələsində ikinci yeri tutan Valtteri Bottasdır. “Mercedes” təmsilçisi V. Bottas qalibdən 2.762 saniyə geri qalıb və aktivinə 18 xal yazmaqla ümumi xallarının sayını 280-ə çatdırıb.  “Ferrari”nin digər təmsilçisi Kimi Raykkonen isə finişə üçüncü (+4.600) gəlib.

 

Çempionluğunu vaxtından əvvəl təmin etdiyindən çıxışı daha çox formal xarakter daşıyan Lyuis Hamilton Braziliyada 4-cü yerlə (+5.468) kifayətlənib.

 

Formula 1-in son mərhələsi noyabrın 26-da Abu-Dabidə keçiriləcək.