FERSTAPPEN MÖVSÜMDƏ İLK QƏLƏBƏSİNİ QAZANDI

Malayziyada Formula 1 üzrə dünya çempionatının növbəti mərhələ yarışı keçirilib. Sayca 15-ci mərhələdə qələbəni hollandiyalı idmançı Maks Ferstappen bayram edib. Start xəttindən liderliyi ələ keçirən “Red Bull” komandasının 20 yaşlı üzvü finişədək üstünlüyü qorumağı bacarıb və mövsümdə birinci, karyerasında isə ikinci qələbəsinə imza atıb. İkinci və üçüncü yerləri müvafiq olaraq L. Hamilton (+12.770 s.) və Daniel Rikkardo (22.519 s.) tutub.   

Əlavə edək ki, Malayziyada qələbə qazanmaqla M. Ferstappen öz ad gününə elə özü tərəfindən əsil hədiyyə etdi. Yarışdan sonra isə pilot bunları dedi: “Mübarizənin əvvəlində maşın əla gedirdi. Gördüm ki, Lyuisin bolidi trassa tam oturmayıb və o, ERS sistemindən daha effektiv şəkildə yararlanmağa çalışır. Hər halda məndən fərqli olaraq Lyuisin çempionatda itirə biləcəyi çox şey var. Odur ki, risk etdim və liderliyi ələ keçirdim. Lyuis sürəti artıranda isə mən də ona bu cür cavab verirdim. Etiraf edim ki, mübarizə üzücü idi. Lakin bütün çətinliklərə və yorğunluğa baxmayaraq Malayziyada qələbə qazanmaq çox xoşdur. Finiş xəttini birinci keçdiyim üçün çox xoşbəxtəm”.

15 mərhələdən sonra şəxsi nəticədə liderlik 281 xalla “Mercedes” komandasının üzvü L. Hamiltona məxsusdur. S. Fettel 247 xalla ikinci, V. Bottas isə 222 xalla üçüncü yeri tutur.

Konstruktorların siyahısına 503 xalla “Mercedes” kollektivi başçılıq edir. “Scuderia Ferrari”nin 385, “Red Bull Racing”in 270 xalı var.

Dünya Çempionatının növbəti mərhələsi 6-8 oktyabr tarixlərində Yaponiyada keçiriləcək.