ELEKTRİKLİ 751 AT

2013-cü ilin iyununda Mercedes-Benz şirkəti SLS adlı iki qapılı qran turerin tam elektrikli versiyasını satışa çıxardı. Məlumat üçün deyək ki, 2012-ci ildə Paris avtomobil sərgisində təqdim edilmiş bu modelin Almaniya bazarındakı qiyməti 400,000 €-dan yuxarı idi.

Avtomobil 4 ədəd elektrik mühərriklə təchiz olunub və bu mühərriklər ümumilikdə 751 at gücünə malikdir. Nəqliyyat vasitəsinin dönmə anı 1000 nyuton metrdir. Bu nəticəyə görə Mercedes Benz SLS AMG Coupé Electric Drive bütün digər AMG-ləri üstələyir. Qeyd olunanlarla yanaşı, 100 km. saat sürəti cəmi 3,9 saniyəyə yığan bu nəqliyyat vasitəsi hazırda dünyanın ən sürətli tam elektrikli avtomobilidir. Onun maksimum sürəti isə 250 km. saatdır.  

SLS AMG Electric həmçinin öz dinamikliyi ilə də seçilir. Bu “ağıllı” avtomobil hər təkərə fərdi şəkildə optimal bildiyi qədər güc ötürür ki, qeyd olunan keyfiyyət xüsusən sərt döngələrdə güc itkisini minimuma endirir.

Maraqlıdır ki, bu ilin əvvəlində İngiltərənin BBC telekanalında yayımlanan “Top Gear” verilişində SLS AMG Electric 6,2 litrlik benzin mühərrikli “əkiz” versiyası ilə yarışa çıxarılıb və öz rəqibi üzərində inamlı qələbə qazanıb. Verilişdə həmçinin avtomobilin 3 işləmə rejimi barədə də ətraflı məlumat verilib. “C” rejimində nəqliyyat vasitəsi özünü kifayət qədər sakit aparır, “S” rejiminə keçdikdə avtomobilin gücü bir qədər artır. Nəhayət, “S+” rejimində sürücü mühərriklərin gücünü tam hiss etmək imkanına malik olur. Verilişin aparıcısı Jeremy Clarkson SLS AMG-nin səssiz işləməyinə də xüsusilə toxunub: “Əgər bu avtomobilin sükanı arxasında yuxuya getmək istəmirsinizsə, onu S+ rejimində sürün”.

Lakin avtomobilin zəif cəhətləri də var. Ən böyük çatışmayan keyfiyyəti isə onun dolu enerji bloku ilə olduqca qısa məsafə qət etmə bacarığıdır. Məsələn, adi rejimdə avtomobil 190 kilometr gedə bildiyi halda, S+ rejimində bu məsafə 40 kilometrə yaxın olur. Enerji batareyasının tam dolması üçünsə 20 saat gözləmək lazımdır.

Bütün bunlara baxmayaraq, Mercedes-Benz şirkəti bu məhsulu ilə elektrikli avtomobillər barədə formalaşan düşüncəni alt-üst etdi. İndiyədək bu cür nəqliyyat vasitələrinin aşağı sürətlə hərəkət etdiyi düşünülsə də, SLS AMG Electric nəinki yüksək sürəti, hətta yarışlara qatılması ilə avtomobil dünyasını yaxşı mənada təəccübləndirdi.