EKSTRÖMDƏN İNAMLI ÇIXIŞ

Almaniyada Ralli – kross üzrə Dünya Çempionatının növbəti mərhələsi keçirilib. Sayca 11-ci mərhələdə birinciliyi isveçli pilot Mattias Ekström bayram edib. “EKS” komandasının təmsilçisi 0.952 km. uzunluğa malik marşrutu 3 dəqiqə, 41.663 saniyəyə qət etməklə ən yaxın rəqibləri, “Peugeot” kollektivinin üzvü Timmi Hanseni (3 d., 44.292 s.) və komanda yoldaşı Toomas Heykkineni (3 d. 45.380 s.) geridə qoyub.

Beləliklə, 11 mərhələdən sonra pilotlar arasında ümumi nəticəyə liderlik 286 xalla “Volkswagen” təmsilçisi Yohan Kristofferssona məxsusdur. Aktivində 234 xal olan P. Solberq ikinci, M. Ekström isə 233 xalla üçüncüdür.

Komandaların yarışında ilk üçlükdə müvafiq olaraq “PSRX Volkswagen Sweden” (496 xal), “Team Peugeot-Hansen” (379 xal) və “EKS” (351 xal) kollektivləri qərarlaşır. Mübarizə davam edir.