DÜNYA TIXACLARLA NECƏ MÜBARİZƏ APARIR?

Müasir dövrün sürətli və dəyişən inkişaf tempi özlüyündə bir sıra problemlər yaradır. Həmin problemlərdən biri də tıxacdır. Nəqliyyat vasitələrinin sayının sürətlə artması çoxsaylı qəzalara, insan ölümünə səbəb olmaqla, həmçinin ekologiyaya ciddi ziyan vurmaqla yanaşı, uzun tıxacların yaranmasına da səbəb olur. Odur ki, dövlətlər tıxacların qarşısını almaq üçün müxtəlif üsullara əl atır. Hər dövlətin isə məsələyə öz yanaşması var.

  1. İndoneziyada tıxacların qarşısını almaq üçün maraqlı qanun qəbul edilib. Həmin qanuna əsasən, hər sürücü öz avtomobilində ən azı üç nəfər daşımalıdır. Başqa sözlə, nəqliyyat vasitəsi bir nəfərə xidmət göstərə bilməz. Odur ki, avtomobili ilə yola çıxmağa hazırlaşan sürücü özü ilə yanaşı, daha iki nəfəri də işə, yaxud təyin olunmuş yerə aparmalıdır.
  2. Los-Ancelesdə tıxac problemi daha çox ictimai qınağın köməyi ilə müəyyən qədər tənzimlənir. Belə ki, avtomobili ilə bir neçə şəxsi daşıyan sürücü ətrafdakıların rəğbətini qazanır və digər sürücülər bu “fədakar insana” yol verməklə ona ictimai işdə bir növ kömək etmiş olurlar. Hətta tıxac zamanı içərisində bir neçə sərnişin olan avtomobillərin xüsusi zolaqla hərəkət etməsinə də icazə verilir. 
  3. Roma ilk tıxacın vətəni sayılır. Odur ki, İtaliyanın paytaxtı da tıxacdan əziyyət çəkən iri şəhərlərdəndir. Burda yerli qanunvericiliyə əsasən, sürücülərə iş saatında paytaxtın mərkəzi küçələrində şəxsi avtomobillə hərəkət etməsinə icazə verilmir. Lakin həmin qanun mərkəzdə yaşayanlara aid edilmir.  
  4. İsveçdə tıxaca qarşı daha çox dualarla mübarizə aparmaq artıq adət halını alıb. Bir neçə il əvvəl ölkədə sürücülər üçün hətta dualardan ibarət xüsusi kitab da çap edilib. Həmin kitabda tıxaca düşən sürücülərə səbrli olmaq tövsiyyə olunur.
  5. İslandiyanın paytaxtı Rekyavikdə isə “Ümumdünya avtomobilsiz günü” ideyası işlənib hazırlandı. Bu gün həmin proqrama dünyanın 40 şəhəri qoşulub. Həyata keçirilən tədbirlər planına nümayişlər təşkil etmək, həmçinin müxtəlif velosiped yürüşləri, bayram tədbirləri və s. daxildir. Məqsəd ictimaiyyətin diqqətini mövcud problemə cəlb etməklə yanaşı, avtomobilsiz də hərəkətin mümkünlüyünü əyani şəkildə göstərməkdir.