Den Qernİ 86 yaşında dünyasını dəyİşdİ

Avtomobil idmanı aləminin tanınmış simalarından sayılan amerikalı Den Qerni uzun müddət əziyyət çəkdiyi xərçəng xəstəliyindən 86 yaşında vəfat edib. Karyerası ərzində D. Qerni Formula 1, IndyCar, NASCAR turnirlərində qüvvəsini sınayıb və maraqlıdır ki, yaşadığı il qədər, başqa sözlə, 86 dəfə Formula 1 yarışlarına qatılıb. Bu müddət ərzində o, Ferrari, BRM, Porsche, Lotus, Brabham, Eagle və McLaren kimi nüfuzlu komandaların şərəfini qoruyub və Formula 1 seriyalı yarışlarda 4 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

D. Qernini yaddaşlarda yaşadan onun uğurları ilə yanaşı, həm də avtomobil dünyasına bəxş etdiyi ənənədir. Belə ki, 1967-ci ildə “24 saat Le-Man” yarışında qələbə qazanan pilota təşkilatçılar şampan hədiyyə edirlər. Lakin qələbənin sevincindən nə etdiyinin fərqinə varmayan pilot şampan şüşəsini açaraq hər kəsi isladır. Həmin gündən avtomobil aləmində artıq ənənə halını almış şampan mərasimi təşkil edilir və pilotlar öz sevinclərini bir – birini şampanla isladaraq qeyd edirlər.

 

FİA prezidenti Jan Todt da hadisə ilə əlaqədar veteran sürücünün ailəsinə baş sağlığı verib. Bildirib ki, D. Qerni əfsanəvi sürücü və yaxşı dost olub və onun avtomobil aləminə bəxş etdiyi yeniliklər bu idman növünün daha da inkişafı və dünyada sevilməsində mühüm rol oynayıb.