Dakar rallİdə 10-cu mərhələ

Argentinada dakar ralli həyacanı davam edir. 10-cu mərhələdə iştirakçılar Saltadan Belenə qədər uzanan 797 km. marşrutda mübarizə aparıblar. Motosikletçilərin yarışında birinciliyi “Red Bull KTM Factory Team”in üzvü Mattias Valkner bayram edib. İdmançı 4 saat, 52 dəqiqə, 26 saniyəyə finiş xəttinə çatıb. “Rockstar Energy Husqvarna Factory Racing” komandasından Pablo Kintanilya isə qalibdən 11 dəqiqə, 35 saniyə gec nəticə ilə ikinci yeri tutub. “Himoinsa Racing Team” kollektivindən Herard Farres Quel 16 dəqiqə, 21 sanyə gec nəticə ilə üçüncülüklə kifayətlənib.  10 mərhələdən sonra ümumi nəticənin lideri Mattias Valknerdir.

 

Kvadrasiklların qatıldığı yarışa gəlincə, ən yüksək nəticəni “Team Al Desert” komandasından Nikolas Kavilyasso göstərib. Argentinalı pilotun yekun nəticəsi 6 saat, 35 dəqiqə, 26 saniyə olub. “Consultores De Empresas” kollekvitindən Xeremyas Qonsales Ferioli (+2 dəqiqə, 06 saniyə) ikinci, “Casale Racing”dən İqnasio Kasale isə (+6 dəqiqə, 23 saniyə) üçüncü yeri tutub. Bu kateqoriayada ümumi nəticəyə İ. Kasale başçılıq edir.

 

Avtomobillərin yarışında 10-cu mərhələnin qalibi “Team Peugeot Total”dan Stefan Peteransel olub. Fransalı idmançı 4 saat, 43 dəqiqə, 46 saniyə göstərici ilə finiş xəttinə birinci çatıb. Digər iki yerdə müvafiq olaraq “Toyota Gazoo Racing Sa” komandasından Giniel De Villers (+8 dəqiqə, 46 saniyə) və “Team Peugeot Total”ın daha bir nümayəndəsi Karlos Saynz (+13 dəqiqə, 7 saniyə) qərarlaşıb. Pilotların şəxsi sıralanmasında isə liderlik ispaniyalı K. Saynza məxsusdur.

 

Yük avtomobillərinin mübarizəsində 10-cu mərhələ hollandiyalı Ton Van Qenuqtenin başçılıq etdiyi ekipajın qələbəsi ilə yadda qalıb. Yekun nəticə 5 saat, 31 dəqiqə, 49 saniyədir. İkinci və üçüncü yerləri isə müvafiq olaraq Argentina və Belarus komandaları tutub. Ümumi nəticəyə liderlik edən və Eduard Nikolayevin rəhbəri olduğu Rusiyanın KAMAZ-MASTER ekipajı bu dəfə 4-cü yerlə kifayətlənib.

 

Mübarizə davam edir.