Dakar Rallİ – 2019 start götürdü

Avtomobil aləminin ən maraqlı yarışlarından sayılan ənənəvi “Dakar Ralli – 2019” start götürüb. Sayca 41-ci yarışda ümumilikdə 137 motosiklet, 26 kvadrasikl, 33 mini – baqqi SxS, 97 avtomobil və 41 yük maşını qələbə uğrunda mübarizə aparır.

Perunun paytaxtı Limadan başlayan və Piskoya qədər uzanan ilk mərhələ 331 km. uzunluğunda olub. Nəticələrə gəlincə, finiş xəttinə öncə motosikletçilər çatıb. “Honda” təmsilçisi Xoan Barreda Bort 57 dəqiqə, 36 saniyə göstərici ilə bütün rəqiblərini geridə qoyub. Ondan cəmi 1 dəqiqə 34 saniyə geri qalan Pablo Kvintanilya (Çili, “Huskvarna”) ikinci, finişə qalibdən təxminən 3 dəqiqə gec çatan Riki Brabeç (ABŞ, “Honda”) üçüncü yerlə kifayətlənib. Yarışda qələbəyə iddialı əsas pilot, “KTM” təmsilçisi Sem Sanderlənd bu dəfə yalnız 5-ci yeri tutub. Bununla belə, nəticələr arasında fərq o qədər kiçikdir ki, kiminsə birinci mərhələdə aşkar üstünlük qazandığı barədə hansısa fikir söyləmək düzgün olmazdı.   

Kvadrasikllara gəlincə, marşrutu hamıdan tez “Yamaha” təmsilçisi Nikolas Kavilyasso qət edib. Argentinalı sürücünün yekun nəticəsi 1 saat 17 dəqiqə, 15 saniyə olub. İlk mərhələdə onun ən yaxın izləyicisi, eyni zamanda komanda yoldaşı və həmvətəni Heremyas Ferioli təxminən 4 dəqiqə gec nəticə ilə finişə ikinci gəlib. Çexiyalı Tomaş Kubina (+8.22) isə üçüncü yeri tutub.       

SxS seriyasına gəlincə, burda qələbəni ötən il çempionluq sevinci dadmış Reynaldo Varela bayram edib. Braziliyalı sürücü 1 saat, 11 dəqiqə, 13 saniyə nəticə ilə finişə birinci gəlib. Çilili Fransisko Lopes Kontrado (+1.27) ikinci, ispaniyalı Herard Farres Quel (+2.32) üçüncü yeri tutub. Hər üç pilot “Can-Am”da çıxış edib. Məlumat üçün deyək ki, ötən il kvadrasiklla mübarizə aparan və “Dakar”ın qalibi olan İqnasio Kasale də bu il SxS seriyasında çıxış edir və “Yamaha” təmsilçisi ilk mərhələdə yalnız 4-cü yerlə kifayətlənib.

Avtomobillərin yarışı da böyük maraq doğurur. Birinci mərhələnin nəticələrinə əsasən burda ilk üçlükdə müvafiq olaraq “Toyota” təmsilçisi Nasser Al – Attiya (Qətər, 1: 01.41), “MINI” nümayəndəsi Karlos Sayns (İspaniya, +1.59) və “MINI”nin daha bir təmsilçisi Yakub Prjiqonski (Polşa, +2.00) qərarlaşıb.

Nəhayət, yük avtomobillərinə gəlincə, Dakar Ralli yarışlarının dəfələrlə qalibi olmuş, ötən il də fəxri kürsünün ən yüksək pilləsinə qalxmış rusiyalı Eduard Nikolayevin “KAMAZ” ekipajı bu dəfə də rəqiblərini geridə qoydu. Kollektivin yekun nəticəsi 14 saat, 48 dəqiqədir. Rəhbəri Ton Van Qenuqten olan Hollandiya komandası (+0.18) ikinci, Argentina təmsilçisi Federiko Villaqranın başçılıq etdiyi heyət (+0.53) üçüncü yeri tutub.   

Mübarizə davam edir. İştirakçılar ikinci mərhələdə Piskodan – San Xuan-de-Markona qədər uzanan və ümumilikdə 553 km. məsafəni əhatə edən marşrutda mübarizə aparacaqlar.

 


VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər