Dakar Rallİ 2018 başa çatdı

2018-ci ilin Dakar Ralli yarışı başa çatıb. Nəticələrə gəlincə, motosikletçilərin mübarizəsində qələbəni “Red Bull KTM Factory Team”in təmsilçisi Mattias Valkner qazanıb. Avstriyalı idmançı və MX3 seriyasında motokross üzrə dünya çempionu rallinin 14 mərhələsini ümumilikdə 43 saat, 6 dəqiqə, 1 saniyəyə qət edərək karyerasında ilk dəfə Dakar Ralli çempionu tituluna sahib çıxıb. Digər iki yerdə isə müvafiq olaraq “Monster Energy Honda Team”dən Kevin Benavides(+16 dəqiqə, 53 saniyə) və “Red Bull”un daha bir təmsilçisi Tobi Prays (+23 dəqiqə, 1saniyə) qərarlaşıb.

 

Çilili İqnasio Kasale isə kvadrasiklların mübarizəsində birinciliyi bayram edib. “Casale Racing” komandasının təmsilçisi ilə digər iki yeri tutan pilotlar arasında vaxt məsafəsinin kifayət qədər böyük olması ən çox müzakirə olunan mövzulardandır. Belə ki, İ. Kasale “Team Al Desert” komandasından argentinalı Nikolas Kavilyassonu ümumi nəticədə 1 saat, 38 dəqiqə, 52 saniyə, “Consultores De Empresas” təmsilçisi Xeremias Qonsales Feriolini isə 2 saat, 8 dəqiqə, 14 saniyə üstələyib.

 

Avtomobillərin yarışında Dakar Ralli 2018-in qalibi ispaniyalı Karlos Saynz olub. Ralli üzrə ikiqat dünya çempionu, “Team Peugeot Total” kollektivini təmsil edən pilot 14 mərhələdə 49 saat, 16 dəqiqə, 18 saniyə nəticə göstərib və bununla da 2010-cu ildə əldə etdiyi nəticəni təkrarlayıb. Digər iki yeri “Toyota Gazoo Racing Sa” komandasının nümayəndələri, müvafiq olaraq Nasser Al-Attiya (+43 dəqiqə, 40 saniyə) və Jiniel De Villers (+1 saat, 16 dəqiqə, 41 saniyə) tutub.

 

Yük avtomobillərinin mübarizəsinə gəlincə, Rusiyanın “Kamaz” ekipajı bu dəfə də bütün rəqiblərini geridə qoyub. Eduard Nikolayevin başçılıq etdiyi kollektiv yekunda 54 saat, 57 dəqiqə, 37 saniyə göstərici ilə Dakar tarixində 14-cü qələbəsini rəsmiləşdirib. Belarusun “Maz-Sportauto” komandası (+3 saat, 57 dəqiqə, 17 saniyə) ikinci, Rusiyanın daha bir təmsilçisi, bu dəfə Ayrat Mardeyevin rəhbərlik etdiyi “Kamaz - Master” kollektivi (+5 saat, 22 dəqiqə, 34 saniyə) isə üçüncü yerlə kifayətlənib.