Dakar rallİ 2018

Avtomobil dünyasının ən maraqlı yarışlarından sayılan və hər mövsümün əvvəlində start götürən 2018-ci ilin Dakar rallisi artıq üçüncü mərhələni arxada qoyub. Peruda Pisko və San Xuan De Markon şəhərləri arasında uzanan 504 km. uzunluqda marşrutda mübarizə aparan pilotların nəticələrinə gəlincə, yolsuzluq avtomobilində finiş xəttinə hamıdan tez “Toyota” komandasından Naser Al-Attiya çatıb. Onun yekun nəticəsi 3 saat, 9 dəqiqə, 8 saniyə olub. Ümumi nəticəyə isə 13 dəfə Dakar çempionu olmuş Stefan Peteransel (“Peugeot Total”) liderlik edir.

 

Motosikletçilər arasında qələbəni hazırki çempion Sem Sanderlənd bayram edib. “Red Bull KTM Factory” komandasının təmsilçisi təyin olunan marşrutu 3 saat, 20 dəqiqə, 43 saniyəyə arxada qoyub. Britaniyalı pilot ümumi nəticədə də liderdir.

 

Kvadrasikllarda qeydə alınan nəticələrə gəlincə, həm üçüncü mərhələnin qalibi, həm də ümumi nəticənin lideri İqnasio Kasaledir. Əlavə edək ki, “Casale racing” komandasının təmsilçisinin 504 km. məsafədə yekun nəticəsi 3 saat, 58 dəqiqə, 08 saniyə olub.  

 

Yük avtomobillərinin mübarizəsi də kifayət qədər maraqlı və gərgin alınıb. Finiş xəttinə 3 saat, 56 dəqiqə, 37 saniyəyə çatan Federiko Villaqranın başçılıq etdiyi “YPF Infinia Diesel Team de Rooy” komandası bu mərhələnin qalibi adını qazanıb. Bu kateqoriyada ümumi nəticənin lideri isə Eduard Nikolayevin başçılıq etdiyi Rusiyanın “Kamaz” ekipajıdır.

 

Mübarizə davam edir. Növbəti, 4-cü mərhələ San Xuan de Markona ərazisində keçiriləcək. Maşrutun uzunluğu 444 km. olacaq. Əlavə edək ki, yanvarın 6-dan start götürməklə 20-nə dək davam edəcək 2018-ci ilin Dakar ralli yarışı 14 mərhələdən ibarətdir.      

 


VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər