BOTTASDAN MÖVSÜMDƏ İKİNCİ QƏLƏBƏ

Avstriyada Formula 1 üzrə Dünya Çempionatının mərhələ yarışı keçirilib. Sayca 9-cu mərhələdə qələbəni “Mercedes” komandasının nümayəndəsi Valterri Bottas aktivinə yazıb. İdmançı 71 dövrəni 1 saat, 21 dəqiqə, 48.527 saniyəyə qət edib. Xatırladaq ki, bu, V. Bottasın mövsümdə ikinci qələbəsidir. “Ferrari” təmsilçisi Sebastyan Fettel rəqibdən 0.658 saniyə gec nəticə ilə ikinci, “Red Bull Racing”dən Daniel Rikkardo isə 6.012 saniyə gecikməklə üçüncü yeri tutub. Çempionluğa əsas namizədlərdən Lyuis Hamilton təsnifat mərhələsində 3-cü nəticə göstərməsinə baxmayaraq, növbədənkənar sürətlər qutusu dəyişikliyinə görə startda 5 yerlik cəza alıb. Yarışa 8-ci yerdən başlayan Lyuis sonda qalibdən 7.430 saniyə gec nəticə göstərməklə finişə yalnız 4-cü çata bilib.

Ümumiyyətlə, V. Bottas son üç mərhələdə stabil və kifayət qədər uğurlu nəticələrə imza atır. Belə ki, Kanada və Azərbaycan Qran-prilərində ikinci yerlə kifayətlənən 27 yaşlı pilot Avstriyada aktivinə daha 25 xal yazmağı bacarıb.

Lakin 9 mərhələdən sonra liderlik hələ ki, 171 xalla alman S. Fettelə məxsusdur. L. Hamilton 151 xalla ikinci, V. Bottas isə 136 xalla sıralamada üçüncüdür.

Formula 1 üzrə Dünya Çempionatının 10-cu mərhələsi 14-16 iyul tarixlərində Böyük Britaniyanın məşhur “Silverstone” trekində keçiriləcək.