Azərbaycan Qran-prisi: gərgin mübarizə başa çatdı

Formula 1 üzrə Dünya Çempionatının növbəti mərhələsi, Azərbaycan Qran-prisi başa çatdı. Sayca 8-ci mərhələdə azarkeşlər olduqca gərgin və maraqlı anların, yüksək sürətin, ötmələrin, eləcə də qəzaların şahidi oldular.

 

Yarışı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri izləyiblər.

 

Mübarizəyə start verilməzdən öncə yarışın möhtəşəm açılış mərasimi keçirildi. Azadlıq meydanında karnaval üslubunda hazırlanan mərasimdə Azərbaycan mədəniyyətinin incə koloriti, milli rəqslərimiz və xalqımızın əsrlərdir qoruyub saxladığı simvollar nümayiş etdirildi.

 

Dünyanın ən güclü pilotlarının paytaxt Bakı halqasında sayca ikinci mübarizəsi həm də sürpriz nəticələrlə yadda qaldı desək, heç də yanılmarıq. Çünki bunadək uğurlu çıxışla ümumi sıralamada birinci, ikinci yerlərdə irəliləyən və bu dəfə də favorit sayılan pilotlar Bakı trassında ilk üçlükdə belə qərarlaşa bilmədilər. Söhbət əlbəttə ki, Lyuis Hamilton və Sebastyan Fetteldən gedir.

 

Konkret nəticələrə gəlincə, qələbəni “Red Bull Racing” komandasının pilotu Daniel Rikkardo aktivinə yazdı. İdmançı təyin olunan marşrutu 2 saat, 3 dəqiqə, 55.573 saniyəyə qət etdi. “Mercedes” təmsilçisi Valtteri Bottas qalibdən 3.9 saniyə geri qalmaqla ikinci yeri tutdu. Üçüncü yerin sahibi isə 4 saniyə gec nəticə ilə “Williams”dan Lans Stroll oldu. Qələbəyə iddialı əsas pilotlar S. Fettel (+5.9 s.) və L. Hamilton (6.1 s.) isə müvafiq olaraq 4-cü, 5-ci yerlərdə qərarlaşdılar.   

 

Mükafatlandırma mərasimi də maraqlı anlarla yadda qaldı. Qalib D. Rikkardoya baş mükafatı Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev, Konstruktorlar kubokunu “Red Bull Racing” komandasının nümayəndəsinə isə birinci xanım Mehriban Əliyeva təqdim etdilər. İkinci yerin sahibi “Mercedes”in pilotu V. Bottasa kuboku Gənclər və idman naziri  Azad Rəhimov, üçüncü yeri tutan “Williams”ın sürücüsü L. Strolla isə mükafatı Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov verdilər.

 

Bakı mərhələsindən sonra ümumi nəticədə liderlik hələ ki, S. Fettelə məxsusdur. Onun aktivində 153 xal var. L. Hamilton 139 xalla ikinci, V. Bottas isə 111 xalla üçüncüdür.

 

Konstruktorların yarışında “Mercedes” hələ də əlçatmaz olaraq qalır. Alman kollektivinin aktivində 250 xal var. Mübarizə davam edir. Növbəti mərhələ iyulun 9-da Avstriyada keçiriləcək.