Azərbaycan Avtomobil Federasiyası yol hərəkətində təhlükəsizlik qaydalarına əməl etməyə çağırır

Azərbaycan Avtomobil Federasiyası (AAF) son günlərdə ölkədə ölümlə nəticələnən yol-nəqliyyat hadisələrindən narahatlığını bildirir və yol hərəkətinin hər bir iştirakıçısını təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.

Federasiya, o cümlədən sərnişindaşıma qaydalarını pozan, lazımi təhlükəsizlik tədbirləri görməyən şəxslərin hərəkətlərinı qınayaraq, müvafiq təşkilatları bu sahədə işin təşkilini və nəzarət mexanizmlərini gücləndirməyə çağırır.

Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qarşımızda duran əhəmiyyətli vəzifələrdən biridir. Bundan irəli gələrək Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2018-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” qəbul edilib.

Hazırlanması Yol Hərəkəti Təhlükəsizliyi üzrə Dövlət Komissiyası və Azərbaycan Avtomobil Federasiyasına tapşırılan həmin proqramın əsas məqsədi ölkədə yol hərəkətinin təhlükəsizliyi səviyyəsinin artırılması, yol-nəqliyyat hadisələrinin sayının azaldılmasına nail olmaqdır.

Bu hədəflərə çatmaq üçün vahid proqram əsasında genişmiqyaslı, intensiv, sistemli və əlaqələndirilmiş tədbirlərin həyata keçirilməsi vacibdir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən hər il yol-nəqliyyat hadisələri nəticəsində dünyada 1 milyon 250 mindən çox insan həyatını itirir. Bu, orta hesabla hər 30 saniyədə bir insan ölümü deməkdir.

Yol hərəkəti insan həyatı üçün təhlükə mənbəyi olmamalıdır! Buna nail olmaq üçün hər bir kəs, hər bir məsul şəxs yol hərəkətinin iştirakçısı kimi məsuliyyətli olmalı və lazımi tədbirlər görməlidir.

Azərbaycan Avtomobil Federasiyası yol hərəkəti təhlükəsizliyinə töhfə vermək naminə hamını bu çağırışa qoşulmağa dəvət edir.