AVTOMOBİL YARIŞLARI ALƏMİNƏ SƏYAHƏT

Avtomobil yarışları müxtəlif modeldən olan avtomobillərin fərdi və ya komanda şəklində mübarizəsidir. Bu yarışlar ya müəyyən edilmiş trasda, ya da uzun məsafəli yollarda təşkil olunur. Turnirlər yerli və ya beynəlxalq status daşıyır. Finiş xəttinə daha tez çatan sürücü isə yarışın qalibi elan edilir.

İlk avtomobil yarışı 1894-cü il iyulun 23-də Fransada keçirilib. Le Petit jurnalının təşkil etdiyi həmin turnirdə iştirakçılar Parisdən Rouenə kimi uzanan 50 km.lik marşrutda mübarizə aparıblar. Məlumat üçün deyək ki, finişə birinci çatan avtomobilin sürəti saatda 16.4 km olub. Müasir avtomobil həvəskarlarına gülünc görünən həmin sürət dövrünün ən uğurlu nəticəsi kimi tarixə düşüb. Daha çox test məqsədilə təşkil olunan bu yarış isə avtomobil idmanı tarixinə qızıl həriflərlə yazılıb.

Zaman – zaman həmin yarışlar daha peşəkar və yeni qaydalar əsasında təşkil olundu. Məsələn, bir il sonra, 1895-ci ildə Fransada növbəti turnir keçirildi. Bu dəfə iştirakçılar Parisdən Bordoyadək davam edən və uzunluğu 1178 km. olan marşrutda mübarizə apardılar. Yarışın əvvəlində 22 pilot çıxış etsə də, onların heç də hamısı finiş xəttinə çata bilmədi. Cəmi 9 iştirakçı mübarizəni tamamlamağı bacardı. Qalib adını isə “Panhard-Levassor 1205cc” modeli ilə çıxış edən Emil Levassor qazandı. Onun nəticəsi 48 saat 47 dəqiqə oldu. Bu göstərici ilə E.Levassor özündən sonra gələn rəqibini təxminən 6 saat geridə qoydu. Həmin turnir istər təşkilatçılıq, istərsə də mübarizənin gərginliyi baxımından ümumi normalara daha çox cavab verirdi. Məhz buna görə də, bir çox tədqiqatçılar ilk avtomobil yarışının 1894-ci ildə deyil, 1895-ci ildə keçirildiyini bildirir. 1920-1930-cu illərdə Avropanın bəzi ölkələrində bu yarışların davamı olaraq Qran Pri yarışları təşkil olunmağa başladı.

Qısa məlumat

Qran Pri müasir dövrdə keçirilən beynəlxalq avtomobil yarışıdır. Bu turnirlərdə ingilislər yaşıl, fransızlar mavi, almanlar ağ, italyanlar qırmızı, amerikalılar isə ağ və mavi rənglərdə olan yarış avtomobilləri ilə mübarizə aparır. Hər avtomobil istehsalçısı 2-3 avtomobillə təmsil oluna bilər. Yarışlar əsasən qapalı traslarda təşkil edilir. Marşrutun uzunluğu 250-260 km. olur. Qran Pri turnirlərində ən uğurlu nəticə hələ ki, italyalı sürücü Tazio Nuvolariyə məxsusdur. İdmançının aktivində 24 qələbə var. Hazırda dünyanın ən məşhur avtomobil yarışı kimi qəbul edilən  Formula 1 də Qran Pri seriyasının davamçısı kimi qəbul edilir.

1904-cü ildə FİA (Beynəlxalq Avtomobil Federasiyası) yaranır və qurum dünya avtomobil yarışlarına nəzarəti öz əlinə alır. Bundan sonra isə avtomobil yarışları FİA-nın bayrağı altında və federasiyanın hazırladığı qaydalara uyğun təşkil olunur. İkinci dünya müharibəsinin başlaması ilə digər sahələrdə olduğu kimi, avtomlobil dünyasında da sakitlik hökm sürür. Avtomobil idmanının təbliğinə və inkişafına çalışan FİA yalnız müharibədən sonra yenidən əməli fəaliyyətə keçir və dünyanın müxtəlif ölkələrində beynəlxalq yarışlar təşkil edir. Bu günümüzə qədər gəlib çatan və bütün dünyanın maraq göstərdiyi həmin turnirlərdən Formula 1, Ralli, NASCAR, GT seriyalı yarışları misal göstərmək olar. Həmin çempionatlar fərqli qaydalar əsasında və fərqli kateqoriyalara bölünərək təşkil edilir.

Açıq təkərli avtomobillərin yarışı: Bu cür yarışlar tək oturacaqdan ibarət və təkərləri avtomobilin gövdəsindən kənarda olan nəqliyyat vasitələri arasında təşkil edilir. Məsələn, Formula 1 (F1) bu qəbildəndir. 1950-ci ildən başlayaraq hər il təşkil edilən F1 kütləviliyinə və izlənmə sayına görə öndə olan avtomobil yarışı hesab edilir. Müxtəlif mərhələlərdən ibarət olan F1 ayrı – ayrı ölkələrdə təşkil olunur. Həmin mərhələlər içərisində ən məşhuru isə Monaco Qran Prisidir. Bundan əlavə, Formula 3, Formula Ford, Formula Renault və GP2 yarışları da Formula ailəsinə daxil olan önəmli turnirlərdən sayılır.

İdman avtomobillərinin yarışı: Ekstrim və gərgin mübarizənin bir arada olduğu bu cür yarışlar idman avtomobilləri arasında təşkil edilir. Bura əsasən GT (Grand Tourers) kateqoriyalı turnirlər daxildir. Ən yüksək statusa malik çempionat isə FİA-nın bayrağı altında keçirilən GT1 üzrə Dünya Çempionatıdır. Bundan əlavə, GT3 üzrə Avropa Çempionatı, GT3 üzrə Avropa Kuboku və FİA GT2 üzrə Avropa Çempionatı da bu kateqoriyaya aid turnirlərdən sayılır. İdman Avtomobilləri arasında təşkil olunan daha bir maraqlı mübarizə 24 saat davam edən Le Mans yarışlarıdır.

 

Ralli yarışları: Bu kateqoriyaya aid yarışlar əsasən dağlıq, sərt döngələrdən və nahamar yollardan ibarət marşrutda təşkil edilir. Turnir ərzində iştirakçılar əvvəlcədən müəyyən olunmuş marşrutu birinci qət etmək uğrunda mübarizə aparırlar. Avtomobildə iki nəfər – sürücü (pilot) və onun köməkçisi (şturman) əyləşir. Köməkçi, əlindəki xəritə ilə harda döngə və ya sürüşkən yol olduğu barədə operativ məlumat verir, marşrut boyu sürəti tənzimləməkdə sürücüyə kömək edir. Ralli yarışlarından Monte Karlo, Kanada Qış Rallisi və Afrikada təşkil edilən Safari Rallisini xüsusi qeyd etmək olar. Siyahıya həmçinin FİA-nın təşkil etdiyi Ralli üzrə Dünya Çempionatı, Avropa Çempionatı və Orta Şərq Ralli Çempionatlarını da əlavə etmək mümkündür.

Yolsuzluq yarışları (Off-Road): Bu tip yarışlar adından da göründüyü kimi çətin və keçilməz yollarda təşkil olunur. Yolsuzluq avtomobilinin ekipajı da ən azı iki nəfərdən ibarət olmalıdır: pilot və şturman. Off-road yarışları öz məqsədinə görə iki növə bölünür: idman və aktiv istirahət. Peşəkar sürücülərin yer aldığı idman yarışlarında azarkeşlər daha gərgin mübarizənin, sərt qaydaların və ekstremal vəziyyətlərin şahidi olurlar. Aktiv istirahət üçün təşkil edilən Off-road yarışları isə öz ətrafına xüsusən ekstrim və əyləncə həvəskarlarını cəlb edir. Burda əsas məqsəd qələbə qazanmaq deyil, maraqlı və səmərəli vaxt keçirmək, yorğunluğu çıxarmaqdır.

Ölkəmizdə də kifayət qədər sevilən Off-road yarışları ailəsinə Rally cross üzrə Avropa və dünya çempionatlarını, Cross-country Rally turnirlərini aid etmək olar.

Avtomobil idmanı yarışlarına həmçinin Yüksəkliyə dırmanma, Drag, Truck, Turinq, Drift, Slalom və Klassik avtomobillər arasında təşkil edilən turnirlər daxildir. Bu yarışlara olan azarkeş marağı isə ildən–ilə daha da atrır.

VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər