AVTOMOBİL NÖMRƏLƏRİ: TARİX VƏ MÜASİRLİK

Avtomobillərin nömrələnməsi prosesi nəqliyyat vasitəsinin yaranmasından çox-çox sonralar meydana gəldi. Bu sahədə əldə olunan uğurlar, dünyada avtomobillərin sayının ildən-ilə daha da artması onlara nəzarət mexanizminin də işlənib hazırlanmasını zəruri edirdi. Əvvəlcə sürücülərdən öz avtomobilləri üçün nömrələr hazırlamaq tələb olundu. Lakin bu təcrübə özünü doğrultmadı. Belə ki, nömrələrin bir çox halda təkrarlanması, həmçinin sürücülərin onu asanlıqla dəyişə bilməsi yaranmış özbaşınalığın qarşısını almadı. Odur ki, dövlətlər bu sahədə konkret qanunlar işləyib hazırladılar.

Tarixdə avtomobillərin nömrələnməsi prosesi ilk dəfə olaraq ABŞ-ın Nyu-York ştatında tətbiq olundu. Amerikada 25 aprel 1901-ci ildə qəbul olunan qərara əsasən, avtomobil sahibkarları məcburi qaydada öz nəqliyyat vasitələri üçün nömrə almalı idi. Bu zaman sürücülər 1 dollar ödəyərək qeydiyyatdan keçir, onların adı, soyadı, ünvanı və avtomobilləri barədə məlumat götürülürdü. Yekunda isə hər sürücüyə üzərində qısa məlumatlar yazılmış sənəd və nömrə verilirdi. İlk ildə təxminən 954 avtomobil nömrə ilə təmin olundu.

Həmin dövrdən kifayət qədər zaman keçib. Bu gün dövlət nömrə nişanı olmayan avtomobilə adətən salonlarda, satış mərkəzlərində rast gəlmək olar. Uğurlu nömrənin seçilməsi üçünsə bəzən sözün əsil mənasında mübarizə gedir. Bu da təbiidir. Avtomobil dünyasında hər nömrənin öz izahı var və hər nömrə ilə müəyyən mesaj çattırmaq istəyən sürücülər sanki bununla öz xarakterini izah edir.

Lakin etiraf edək ki, bu rəqəmləri heç də hər sürücü əldə edə bilmir. Əksər sürücülər belə nömrələri sadəcə eyni rəqəmli olduğuna görə “yaxşı nömrədir” deyib avtomobilə vururlar. Dünyanın demək olar ki, əksər şərq ölkələrində xüsusi nömrələr kifayət qədər baha qiymətə satılır. Bəzən nömrənin qiyməti nəqliyyat vasitəsindən dəfələrlə baha olur. Məsələn, 2006-cı ilin iyulunda şimali İngiltərənin Yorkşir qraflığında “M1” nömrəsi 331,5 min funt sterlinqə satılıb. 2007-ci ildə isə Birləşmiş Ərəb Əmirliyində Tələl Huri adlı şəxs 5 rəqəmli nömrəni 25,2 mln. dirhəmə, bir il sonra 13 rəqəmli nömrəni 1 mln. dirməhə alıb. 2008-ci ildə BƏƏ-nin daha bir vətəndaşı Səid Abdul Qaffar Huri 1 rəqəmli nömrəyə 52.2 mln. dirhəm pul verib. Digər maraqlı fakt 2009-cu ildə qeydə alınıb. Həmin il Liviyadan olan Nabil Bişar 513 min dollar ödəməklə “1 D” nömrəsini əldə edib və öz xanımına hədiyyə edib. 

Yəqin bizimlə razılaşarsınız ki, xanımların xoşbəxtliyi üçün avtomobil nömrəsi bəlkə də an axırıncı məsələdir. Bir çox sürücülər isə xüsusi nömrəyə heç bir əhəmiyyət vermir və bunu mənasız xərc hesab edirlər. Həm də etiraf etmək lazımdır ki, yol hərəkəti prosesində təhlükəsizlik və rahatlıq qədər əhəmiyyətli heç nə ola bilməz. Özünün, yaxınlarının və bütün insanların xoşbəxtliyi üçün qaydalara əməl etmək, nəqliyyatı təhlükəsiz idarə etmək və ətraf mühiti qorumaq hər şeydən önəmlidir. Bax bu işlərdə birinci olmağa dəyər.

Rəqəmlərin əhəmiyyəti

Nömrənin üzərində olan rəqəmlər yalnız sürücünün xarakterini bildirmir. Bu rəqəmlər avtomobilin hansı ölkədə, hətta hansı bölgədə qeydiyyatda olmasını müəyyən edir. Bundan əlavə, nömrə nişanları hər hansı cinayət hadisəsi və ya yol hərəkət qaydası pozulduğu zaman avtomobilin, həmçinin sürücünün vaxtında tapılmasını təmin edir. Məhz buna görə də, bütün dünyanın polis əməkdaşları nömrələri korlayan, avtomobili nömrəsiz idarə edən şəxslərə qarşı daim mübarizə aparır.

Azərbaycanda isə İnzibati Xətalar Məcəlləsinin 155.3-cü maddəsinə əsasən, nəqliyyat vasitəsini dövlət qeydiyyat nişansız və ya saxta nömrələrlə, yaxud qeyri–standart nömrələrlə idarə etməyə görə 60 manat məbləğində cərimə nəzərdə tutulur. Nömrə çirkli olduğu halda da və ya görünməz olarsa, sürücü, məcəllənin 155.1-ci maddəsinə müvafiq olaraq 40 manat cərimə edilir.  

Bir sözlə, avtomobilin nömrəsi yalnız gözəllik üçün deyil. Dövlət nömrə nişanı sürücü olaraq sizin hüquqlarınızı qorumaq üçün əhəmiyyətlidir. Nömrənin təmiz saxlanılması isə yalnız avtomobilə deyil, özünüzə və dövlətinizə olan münasibəti ortaya qoyur. Ən azı ona görə ki, nömrənin üzərində müstəqil Azərbaycan Respublikasının bayrağı və gerbi əks olunub. Bu atributlara hörmət isə hər kəsin borcudur.