ARDICIL QƏLƏBƏLƏR SERİYASI VƏ LİDERLİK MÖVQEYİ

İsveçdə Ralli-kross üzrə Dünya Çempionatının 7-ci mərhələsi keçirilib. İyunun 30-dan start götürməklə 3 gün davam edən yarışda iştirakçılar 1.21 km. məsafədə mübarizə aparıblar. Təyin olunan marşrutda birinciliyi ötən mərhələdə olduğu kimi, bu dəfə də “Volkswagen” təmsilçisi Yohan Kristoffersson bayram edib. Finişə 4 dəqiqə, 14.579 saniyəyə çatan isveçli pilot aktivinə daha 8 xal yazmağı bacarıb. İkinci yeri “Ford Focus RS” avtomobilinin sürücüsü Andreas Bakkerud tutub. Onun yekun nəticəsi 4 dəqiqə, 16.942 saniyə olub. Dünya çempionu Sebastyen Löb isə Norveç mərhələsində olduğu kimi, bu dəfə də üçüncü yerlə kifayətlənib və aktivinə 4 xal yazıb.

7 mərhələdən sonra ümumi nəticələrə gəlincə, ardıcıl qələbələr seriyası Y. Kristofferssonu ümumi sıralamada da liderliyə yüksəldib. Hazırda onun 181 xalı var. “Volkswagen”in digər təmsilçisi Petter Solberq 150 xalla ikincidir. Üçüncü yerin sahibi Mattias Ekström 143 xalla üçüncü pillədə qərarlaşır. S. Löb isə 125 xalla dördüncüdür. Mübarizə davam edir.