AAF-IN YOL TƏHLÜKƏSİZLİYİ İLƏ BAĞLI TƏBLİĞATI

Azərbaycan Avtomobil Federasiyası yollarda rahat və təhlükəsiz həkərətlə bağlı təbliğat və təşviqat kampaniyasına start verib.

Layihələrin əsas məqsədi hazırda ölkəmizdə avtomobilə olan yüksək tələb və nəqliyyat vasitələrindən istifadə intensivliyini nəzərə alaraq yol hərəkəti iştirakçılarının təhlükəsizliyinə töhfə verməkdir.

Azərbaycan Avtomobil Federasiyası vətəndaşların, xüsusən də azyaşlıların və gənclərin yol hərəkəti təhlükəsizliyi mövzusunda maariflənməsi işinə həssas yanaşır. Federasiya bu istiqamətdə Dövlət Yol Polisi və digər əlaqədar qurumlarla əməkdaşlığı genişləndirir, bununla da, yollardakı təhlükəsizliyin səviyyəsini yüksəltməyə çalışır.

Azərbaycan Avtomobil Federasiyası FİA-nın (Beynəlxalq Avtomobil Federasiyası) təşkil etdiyi “FIA Action for Road Safety” layihəsinə də qoşulub. Layihə çərçivəsində yollarda yaşanan qəzaların əsas səbəbləri barədə ictimaiyyətə məlumat verilir. Layihənin əsas məqsədi qəzaların sayını azaltmaq, insanları yolda daha diqqətli və ehtiyatlı olmağa çağırmaqdır. Federasiya bu istiqamətdə bir sıra konkret addımlar atır. Onlardan biri də Bakı şəhərinin küçələrində yol hərəkəti ilə bağlı bannerlərin quraşdırılmasıdır.