5 qat dünya çempİonluğu de-fakto təmİn edİldİ

2018-ci ilin Formula 1 mövsümünün bitməsinə artıq 4 mərhələ qalır. Başa çatan hər mərhələ isə Mercedesin britaniyalı pilotu Lyuis Hamiltonu çempionluğa bir addım da yaxınlaşdırır. Belə ki, bunadək son 3 mərhələdə fəxri kürsünün ən yüksək pilləsinə qalxan, mövsümdə isə 8-ci qələbəsini rəsmiləşdirmiş dünya çempionu Yaponiyada da birinci olmaqla xal ehtiyatını 331-ə çatdırdı ki, bu da de – fakto çempionluq deməkdir. Hər halda, növbəti 4 mərhələdə rəqiblər çətin ki, L. Hamiltonu keçə bilsinlər.

Yarışdan sonra təşkil olunan ənənəvi mətbuat konfransında da jurnalistləri daha çox maraqlandıran məhz bu amil oldu: “Düzünü desəm, artıq çempionluğumu təmin etmişəm və bir qədər rahat olum fikri beynimdə deyil. Mən hər mərhələ uğrunda sonadək mübarizə aparıram. Bəli, ümumi nəticədə rəqiblərimlə mənim aramda xal fərqi kifayət qədər böyükdür. Amma yarış hələ başa çatmayıb. Odur ki, komandada hər kəs mübarizənin gedişini diqqətlə izləyir. Onlar bolidin daha sürətli olması üçün əllərindən gələni edirlər və məhz kollektivdə olan komanda ruhuna görə fəxr edirəm” deyə L. Hamilton bildirib.

Ümumiyyətlə, Mercedes təmsilçilərinin mövsümün sonuna yaxın təşəbbüsü ələ aldıqları açıq – aşkar hiss olunur. Belə ki, Almaniya komandasının daha bir nümayəndəsi Valtteri Bottas da ardıcıl iki yarışdır finişə ikinci gəlir və hazırda onu ümumi siyahıda Sebastyan Fetteldən cəmi 57 xal ayırır.

Digər nəticələrə gəlincə, Red Bull təmsilçiləri Maks Verstappen və Daniel Rikkardo gündoğar ölkədə müvafiq olaraq üçüncü, dördüncü yerləri tutublar.

Mübarizə davam edir. 18-ci mərhələ oktyabrın 21-i Amerika Birləşmiş Ştatlarında keçiriləcək. Mövsümə noyabrın 25-də Abu-Dabidə yekun vurulacaq.

 

2018 Formula 1 / Yaponiya Qran-prisi. 17-ci mərhələ

1 Lyuis Hamilton Mercedes
2 Valtteri Bottas Mercedes 12.919
3 Maks Verstappen Red Bull Racing 14.295
4 Daniel Rikkardo Red Bull Racing 19.495
5 Kimi Raykkonen Ferrari 50.998
6 Sebastyan Fettel Ferrari 1:09.873
7 Serxio Perez Racing Point Force India 1:19.379
8 Romayn Qrojan Haas 1:27.198
9 Esteban Okon Racing Point Force India 1:28.055
10 Karlos Saynz Jr. Renault 1 dövrə

11 Pyer Qasli Toro Rosso 1 dövrə
12 Markus Eriksson Sauber 1 dövrə
13 Brendon Hartli Toro Rosso 1 dövrə
14 Fernando Alonso McLaren 1 dövrə
15 Stoffel Vandorn McLaren 1 dövrə
16 Sergey Sirotkin Williams 1 dövrə

17 Lans Stroll Williams 1 dövrə
 Çarlz Leklerk Sauber
 Niko Hulkenberq Renault
 Kevin Maqnussen Haas 


VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər