2044 gündən sonra yenİdən qələbə hİssİnİ daddı

Formula 1 üzrə dünya çempionatının növbəti, 18-ci mərhələsi Ferrari təmsilçisi Kimi Raykkonenin qələbəsi ilə başa çatdı. Amerika Birləşmiş Ştatlarında təşkil olunan yarışda finlandiyalı pilot finişə birinci gəlməklə mövsümdə ilk qələbəsini rəsmiləşdirdi və ikincilik uğrunda mübarizədə rəqibi, komanda yoldaşı Sebastyan Fettelə bir qədər də yaxınlaşdı.

Onu da xatırlatmaq yerinə düşər ki, Raykkonen sonuncu dəfə 17 mart 2013-cü ildə Avstraliya Qran-prisində fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı. Başqa sözlə, 5 il sonra yenidən bu hissi dadan Ferrari təmsilçisi qazandığı qələbə ilə aktivindəki xalların sayını 221-ə çatdırdı. Hazırda onu almaniyalı S. Fettelldən 55 xal ayırır. Lakin 39 yaşlı pilot mətbuat konfransında bu qələbənin onun üçün elə də ciddi önəm kəsb etmədiyini bildirib: “Düzünü desəm, bu nəticə mənim üçün elə də önəmli deyil. Sadəcə alındı və biz birinci olduq. Alınmasaydı belə həyatda heç nə dəyişməyəcəkdi. Düzdür, qələbə əldə etmək üçün burdayıq. Lakin önəmli olan fərqlənmək, insanların ümidlərini doğrultmaqdır. ”

Jurnalistin “Siz 2044 gündür ki, qələbə şampanı içmirdiniz. Bu dəfə isə yenidən onun dadına baxdınız. Ümumiyyətlə, qələbə şampanı digərlərindən nə dərəcədə dadlıdır?” sualına isə pilot belə cavab verib: “Açığı, adi şampandan heç nə ilə fərqlənmir. Mən podiumlarda kifayət qədər olmuşam. İkinci və üçüncü yeri tutanda daddığım şampanlarla bu günkü qələbə şampanı arasında heç bir fərq görmürəm”.

Digər nəticələrə gəlincə, Red Bull Racing təmsilçisi Maks Verstappen Amerika mərhələsində ikinci, çempionluğunu de – fakto təmin etmiş Lyuis Hamilton isə bu dəfə üçüncü yerdə qərarlaşıb.

Qarşıda pilotları üç mərhələ gözləyir. Oktyabrın 28-i Meksika, noyabrın 11-i Braziliya, noyabrın 25-də isə Abu-Dabi mərhələlərindən sonra 2018-ci il Formula 1 mərhələsi başa çatacaq.

 

Formula 1 üzrə Dünya Çempionatının ABŞ mərhələsi

1 Kimi Raykkonen Ferrari -
2 Maks Verstappen Red Bull Racing 1.281
3 Lyuis Hamilton Mercedes 2.342
4 Sebastyan Fettel Ferrari 18.222
5 Valtteri Bottas Mercedes 24.744
6 Niko Hulkenberq Renault 1:27.210
7 Karlos Saynz Renault 1:34.994
8 Esteban Okon Force India 1:39.288
9 Kevin Maqnussen Haas 1:40.657
10 Sergio Perez Force India 1:41.080
11 Brendon Hartli Toro Rosso 1dövrə
12 Markus Eriksson Sauber 1 dövrə
13 Stoffel Vandorn McLaren 1 dövrə
14 Pyer Qasli Toro Rosso 1 dövrə
15 Sergey Sirotkin Williams 1 dövrə
16 Lans Stroll Williams 2 dövrə
   Çarlz Leklerk Sauber
   Daniel Rikkardo Red Bull Racing
   Frans Romayn Qrojan Haas
   Spayn Fernando Alonso McLaren


VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər