2018-cİ İlİn ən yaxşıları

Beynəlxalq Avtomobil Federasiyası – FİA bu dəfə Sankt – Peterburqda 2018-ci il mövsümünün ən yaxşılarını mükafatlandırdı. Ümumiyyətlə, FİA-nın mövsümün yekunları ilə bağlı ənənəvi qala gecəsi ilk dəfədir ki, Rusiyada təşkil olundu. Dmitriy Şostakoviç adına akademik filarmoniyasında keçirilən mərasimi 200-dən çox tamaşaçı izlədi.

Mükafatlandırılan pilotlara gəlincə, səhnəyə dəvət olunan 5 qat dünya çempionu Lyuis Hamilton həm çempion kubokuna, həm də “İlin adamı” nominasiyası üzrə xüsusi mükafata layiq görüldü. Kuboku ona FİA prezidenti Jan Todt təqdim etdi. Məlumat üçün deyək ki, “İlin adamı” mükafatı ötən il Maks Ferstappenə verilmişdi.

Həmçinin konstruktorlar kubokunun qalibi “Mercedes” kollektivi də mükafatlandırıldı. Kuboku Toto Volffa Formula 1-in icraçı direktoru Çeyz Keri verdi.

Sebastyen Fettel və Kimi Raykkonen də Formula 1 mövsümündə ikinci və üçüncü yerləri tutduqlarına görə kuboka layiq görüldülər.

Corc Rassel Formula 2-də, Mik Şumaxer Formula 3 Avropa çempionatında, Jan – Erik Vern Formula E-də, Sebastyen Ojye isə Ralli üzrə dünya çempionatında uğurlu çıxışa görə kubokla təltif olundular.

Eləcə də, Niki Lauda və Toto Volffa FİA prezidentinin xüsusi mükafatı verildi.

“İlin debütantı” adını isə gələn ildən “Ferrari”nin uğurları üçün çalışacaq Şarl Lekler qazandı.

“İlin ən yaxşı Qran-prisi” adına Meksika Qran-prisi layiq görüldü.

Beləliklə, avtomobil dünyasının yarışlarına rəsmən yekun vuruldu. Gələn ilin FİA Qala tədbiri 6 dekabr tarixində Parisdə keçiriləcək.


VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər