2017 FİA DÜNYA DÖZÜMLÜLÜK ÇEMPİONATI BAŞA ÇATDI

2017 FİA Dünya Dözümlülük Çempionatının sonuncu mərhələsi noyabrın 18-də Bəhreyndə keçirilib. Bu mərhələdə heyəti Sebastyen Buemi, Entoni Devidson və Kazuki Nakadzimadan ibarət “Toyota Gazoo Racing” kollektivi finiş xəttinə birinci gəlib. Onların yekun nəticəsi 6 saat, 1 dəqiqə, 26.294 saniyə olub. Bu mövsüm çempionluğu vaxtından əvvəl təmin etmiş heyəti Timo Bernhard, Erl Bamber və Brendon Hartlidən ibarət “Porsche” kollektivi isə Bəhreyndə ikinci yeri tutub. Komanda finişə 6 saat, 1 dəqiqə, 37, 156 saniyəyə çatıb. “Porsche”nin digər təmsilçisi olan Nil Yani, Andre Lotterer və Nik Tendi triosu 6 saat, 2 dəqiqə, 23.797 saniyə göstərici ilə üçüncü yerlə kifayətlənib.

Beləliklə, 10 mərhələdən ibarət 2017 FİA Dünya Dözümlülük Çempionatı başa çatdı. 2018-ci il mövsümünə may ayında Belçika mərhələsi ilə start veriləcək.