2017-ci İlİn Formula 2 mövsümü başa çatdı

Formula 2 pilotları da Abu-Dabidə keçirilən mövsümün son mərhələ yarışında ən güclünü müəyyən etdilər. “RUSSİAN TİME” kollektivinin üzvü Artyom Markelov 59 dəqiqə 34.767 saniyə nəticə ilə hamını qabaqlamağı bacardı. “PREMA Racing” komandasının təmsilçisi Çarlz Leklerk 59 dəqiqə 51.032 saniyə nəticə ilə ikinci, “RUSSİAN TİME” komandasının digər təmsilçisi Luka Giyotto isə 1 saat 0.205 saniyə nəticə ilə üçüncü yerdə finiş xəttinə çatdılar.  İkinci yarışda isə xüsusi ustalıq nümayiş etdirən Ç. Leklerk finiş xəttinə hamıdan tez çatdı. Pilotun yekun nəticəsi 41 dəqiqə, 36.188 saniyə oldu. “ART Grand Prix” kollektivinin təmsilçisi Aleksander Albon qalibdən 1.293 saniyə geri qalaraq ikinci yeri tutdu. İlk üçlüyü isə “DAMS” komandasından Nikolas Latifi (+3.207) qapadı.

Beləliklə, 11 mərhələnin yekununda Formula 2 yarışının qalibi adını 282 xalla Ç. Leklerk qazandı. “RUSSIAN TIME” komandasının üzvü Artyem Markelov 210 xalla ikinci yerlə kifayətləndi. “DAMS” kollektivinin nümayəndəsi Oliver Rouland isə 191 xalla üçüncü oldu.

Komandaların sıralanmasında birinci yerin sahibi “RUSSIAN TIME” (395 xal) kollektividir. “PREMA Racing” (380 xal) ikinci, “DAMS” (369 xal) üçüncü yerdə qərarlaşdı. Bununla da Formula 2 yarışında 2017-ci il mövsümünə yekun vuruldu.