2017-ci İlİn Formula 1 mövsümü başa çatdı

Son mərhələ Abu-Dabidə təşkil edildi. Yarışa artıq mövsümün çempionu kimi çıxan Lyuis Hamilton birinciliyi vaxtından əvvəl təyin etdiyindən onun bu mərhələdə qələbə uğrunda əzmkarlıq göstərəcəyini çoxları gözləmirdi. Belə olan halda diqqətlər əlbəttə ki, iki pilota yönəlmişdi. Bunlar “Mercedes”in daha bir nümayəndəsi Valtteri Bottas və “Ferrari” təmsilçisi Sebastyan Fettel idi. Çünki məhz bu iki pilot arasında ikinci yer uğrunda gərgin mübarizə gedirdi. Təsnifat mərhələsini birinci yerdə başa vurduğundan V. Bottas həlledici final çıxışına da birinci başladı və liderliyi sonadək qorumağı bacardı. Finlandiyalı pilotun yekun nəticəsi 1 saat, 34 dəqiqə, 14.062 saniyə oldu. İkinci yeri L. Hamilton tutdu. Çempion son mərhələdə qalibdən 3.899 saniyə geri qaldı. S. Fettel isə finişə 19.330 saniyə gec nəticə ilə üçüncü yerdə çatsa da aktivindəki xallar hesabına mövsümdə ikinciliyini rəsmiləşdirdi.

Beləliklə, 2017-ci il mövsümünün qalibi 363 xalla L. Hamiltondur. S. Fettel 317 xalla ikinci, V. Bottas isə 305 xalla üçüncü yeri tutdu.

Konstruktorların yarışında isə ilk üçlükdə müvafiq olaraq “Mercedes AMG Petronas F1 Team” (668 xal), “Scuderia Ferrari” (522 xal)və “Red Bull Racing” (368 xal) kollektivləri qərarlaşdı.

Növbəti, 2018-ci il mövsümü 23-25 mart tarixlərində baş tutacaq Avstraliya Qran-prisi ilə start götürəcək.