2017-Cİ İL RALLİ-KROSS ÜZRƏ DÜNYA ÇEMPİONATI BAŞA ÇATDI

Cənubi Afrika Respublikasında keçirilən son mərhələdə azarkeşlər maraqlı mübarizənin şahidi olublar. Qələbəni isə onsuz da çempionluğunu vaxtından əvvəl təmin etmiş Yohan Kristoffersson qazanıb. “Volkswagen” təmsilçisi marşrutu 4 dəqiqə, 23.571 saniyəyə qət etməklə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İkinci və üçüncü yerləri müvafiq olaraq Timmi Hansen (04:24.669) və Mattias Ekström (04:26.702) tutublar.

Beləliklə, 12 mərhələnin yekununda aktivinə 316 xal yazan 28 yaşlı Y. Kristoffersson karyerasında birinci dəfə ralli-kross üzrə dünya çempionu adını qazanıb. “Audi” təmsilçisi Mattias Ekström 255 xalla ikinci yeri tutub. “Volkswagen”in daha bir nümayəndəsi Petter Solberq mövsümü 252 xalla üçüncü pillədə bitirib.

Komandaların sıralanmasına gəlincə, “PSRX Volkswagen Sweden” 544 xalla birinci, “Team Peugeot-Hansen” 415 xalla ikinci, “EKS” 380 xalla üçüncü pillədə qərarlaşıb.