“PORSCHE” ÇEMPİONLUĞUNU TƏMİN ETDİ

Avtomobil dünyasının ən maraqlı yarışlarından sayılan 2017 FİA Dünya Dözümlülük Çempionatı artıq başa çatmaq üzrədir. “6 saat Şanxay” mərhələ yarışında qələbəni heyəti Sebastyen Buemi, Entoni Devidson və Kazuki Nakadzimadan ibarət “Toyota Gazoo Racing” kollektivi bayram edib. Qalib komanda finiş xəttini 6 saat, 40.777 saniyəyə keçib. Heyəti Timo Bernhard, Erl Bamber və Brendon Hartlidən ibarət “Porsche” kollektivi isə təxminən 4 saniyə gec nəticə ilə ikinci yerlə kifayətlənib. İlk üçlüyü “Porsche”nin digər təmsilçisi olan Nil Yani, Andre Lotterer və Nik Tendi triosu tutub. Onların yekun nəticəsi 6 saat, 1 dəqiqə, 13.174 saniyə olub.

Əlavə edək ki, bu qələbə “Porsche”nin (T. Bernhard, E. Bamber, B. Hartli) ümumi nəticədə çempionluğunu artıq təmin edib.

2017 FİA Dünya Dözümlülük Çempionatının sonuncu mərhələsi noyabrın 18-də Bəhreyndə keçiriləcək.