“PORSCHE”DƏN DAHA BİR QƏLƏBƏ

Avtomobil dünyasında pilotları daha çox dözümlülük baxımından sınağa çəkən 2017 FİA Dünya Dözümlülük Çempionatının 4-cü mərhələsi başa çatıb. İştirakçılar bu dəfə Almaniyada, Nürburqrinq trekində mübarizə aparıblar. “6 saat Nürburqrinq” adlanan yarışda qələbəni ötən mərhələdə olduğu kimi, bu dəfə də heyəti Timo Bernhard, Erl Bamber və Brendon Hartlidən ibarət “Porsche” kollektivi bayram edib. Komandanın yekun nəticəsi 6 saat, 9.607 saniyə olub. “Porsche”nin daha bir kollektivi, heyəti Jani, Lotterer və Tandidən ibarət duet isə ikinci yerlə kifayətlənib. Onlar qalibdən 1.606 saniyə geri qalıblar. “Toyota Gazoo Racing”in Konvay, Kobayasi və J. Lopezdən ibarət heyəti finişə 1 dəqiqə, 04.768 saniyə gec çatmaqla üçüncü yeri tutub.

Mübarizə davam edir. Çempionatın növbəti, 5-ci mərhələsi olan 6 saat Mexiko yarışı 4 sentyabr tarixində Meksikada baş tutacaq.