“PORSCHE” BİRİNCİDİR

Fransada avtomobil dünyasının ən qədim yarışlarından sayılan və həm texnikanın, həm də pilotların dözümlülüyünün yoxlanılması baxımından ən çətin mübarizə meydanı sayılan, 2017 FİA Dünya Dözümlülük Çempionatının 3-cü mərhəsləsi, 24 saat Le-Man yarışı başa çatıb.

Qələbəni isə ardıcıl üçüncü ildir ki, “Porsche” kollektivi bayram edib. Yarış ərzində Timo Bernhard, Erl Bamber və Brendon Hartlidən tərəfindən idarə edilən 2 nömrəli yarış avtomobili finiş xəttinə birinci gəlməklə “Porsche”yə tarixində 19-cu dəfə qələbə sevinci yaşayıb. Əlavə edək ki, “Porsche” LMP1 klassını təmsil edir. Yarış boyu onu daban – dabana izləyən “Jackie Chan DC Racing” komandasının 38 nömrəli yarış avtomobili ümumi nəticədə finişə ikinci gəlsə də, aid olduğu LMP2 klassında birinci yeri tutub. Bu yarış avtomobilinin yarış ərzində sükanı arxasında Hopin Tun, Toma Loran və Oliver Carvis olublar. Ümumi nəticədə üçüncü yerin sahibi isə “Vaillant Rebellion” kollektivinin 13 nömrəli yarış avtomobili olub.

Qeyd edək ki, yarış ərzində LMP1 kateqoriyalı yarış avtomobillərinin əksəriyyətində texniki problemlər əmələ gəlib və bu səbəbdən bu kateqoriyadan yalnız 2 yarış avtomobili yarışı sona qədər davam etdirə bilib. Sözügedən kateqoriyadan finişə çata bilən ikinci komanda “Toyota Gazoo Racing” olub və onlar ümumi təsnifatda yalnız 9-cu ola biliblər.

Çempionatın növbəti, 4-cü mərhələsi olan 6 saat Nürburqrinq yarışı 16 iyul tarixində Almaniyada, Nürburqrinq trekində baş tutucaq. Mübarizə davam edir.