BAKIDA KEÇİRİLƏN “FORMULA-1” AVROPA QRAN-PRİSİ UĞURLA BAŞA ÇATDI

Bakıda “Formula-1” həyəcanı başa çatdı. Dünya Çempionatının, növbəti, sayca 8-ci Qran-pri yarışında pilotlar 6 km. uzunluğundakı şəhər halqasında bacarıqlarını nümayiş etdirdilər. Əsas mübarizənin isə “Mercedes” komandasının pilotları Lyuis Hamilton və Niko Rosberq arasında gedəcəyi təxmin edilirdi. Çünki, alman komandasının liderliyə iddialı iki üzvünü bir-birindən yalnız 9 xal ayırırdı. Başqa sözlə, L. Hamilton qələbə qazanacağı halda ümumi sıralamada lider dəyişikliyi baş verə bilərdi. Lakin britaniyalı pilot sərbəst yürüşlərdə kifayət qədər uğurlu çıxışla yadda qalsa da, təsnifat mərhələsində ümidləri doğrultmadı, yarışda isə yalnız beşinciliklə kifayətləndi. Sıralama yarışında finişə birinci gələn N. Rosberq isə əksinə, finalda da nəyə qadir olduğunu nümayiş etdirdi. 51 dövrədən ibarət marşrutu 1 saat, 32 dəqiqə, 52.3 saniyəyə qət edən almaniyalı pilot mövsümdə 5-ci, karyerasında isə 19-cu qələbəsinə imza atdı. Ondan 16.6 saniyə geri qalan “Ferrari” təmsilçisi Sebastyan Vettel ikinci yeri tutdu. Üçüncü yerin sahibi isə “Force India” kollektivindən Serxio Perez (+25.2) oldu. Beləliklə, Bakı Qran-pri yarışına yekun vuruldu.

 

Niko Rosberqə kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təqdim etdi.

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva isə mühəndislər kubokunu “Mercedes” komandasının nümayəndəsinə təqdim etdi.

 

Kuboklar ikinci yerin sahibi Sebastian Fettelə gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutan Serxio Peresə isə Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov tərəfindən təqdim olundu.

 

Yarışdan sonra keçirilən ənənəvi mətbuat konfransında N. Rosberq Bakı trekindən zövq aldığını və çətin döngələrə, marşrutun sürüşkən olmasına baxmayaraq qələbə uğrunda sonadək mübarizə apardığını bildirdi. Onun sözlərinə görə, qələbə qazanmasında əsas rolu da məhz bu döngələrdən uğurla çıxa bilməsi və bu zaman vaxt itkisinə yol verməməsi oldu.  

 

8 mərhələdən sonra pilotların şəxsi nəticəsinə gəlincə, N. Rosberq 141 xalla liderliyini davam etdirir. Bu mərhələdə 5-ci yerlə kifayətlənən L. Hamilton 117 xalla ikincidir. Aktivində 96 xal olan S. Vettel ilk üçlüyü qapayır. Konstruktorların yarışında isə liderlik 258 xalla “Mercedes”ə məxsusdur. Mübarizə davam edir.