AZƏRBAYCAN PİLOTU BAKIDA “FORMULA-1” TREKİNİ SINAQDAN KEÇİRİB

İyunun 17-19-da Bakıda keçiriləcək "Formula-1" Avropa Qran-prisinə az müddətin qaldığı bir ərəfədə yarışın rəsmi elçisi Gülhüseyn Abdullayev Bakı Şəhər Halqasını sınaqdan keçirib.

 

Trekə GP3 bolidi ilə çıxan Gülhüseyn Abdullayev Bakı Şəhər Halqasında 4 dövrə vurub. 29 may saat 10:00-da baş tutanş bu sınaq yürüşünü trek ətrafına toplaşmış yüzlərlə şəhər sakini böyük maraqla izləyib.

 

Pilotumuz yürüşdən sonra jurnalistlərə trek haqqında fikirlərini bölüşüb: “Bakı Şəhər Halqası həm yavaş, həm də sürətli döngələrin kombinasiyasından ibarətdir. Ümumiyyətlə çox gözəl qurulub. Digər şəhər treklərindən fərqli olaraq genişliyi də yetəri qədərdir. Qoşa Qala qapısı ətrafındakı 8-10-cu döngələr mənə çox maraqlı gəldi. İnanıram ki, orada yarış zamanı çox maraqlı məqamlar olacaq. Treki çox bəyəndim. İnanıram ki, bütün “Formula-1” pilotları bu yarışı səbrsizliklə gözləyirlər və buradan razılıqla ayrılacaqlar.”

 

Treki yüksək qiymətləndirən G.Abdullayev 17-19 İyun 2016-cı il tarixdə baş tutacaq “Formula-1” Avropa Qran Prisi haqqında da fikirlərini paylaşıb: “Avropa Qran Prisində kimin qalib gələcəyini indidən demək hələ ki, çox çətindir. Çünki bütün pilotlar üçün bura yeni trekdir. Məhz buna görə də burada yarış maraqlı olacaq.”

 

Beynəlxalq yarışlarda iştirak edən gənc pilotumuz Gülhüseyn Abdullayev öz doğma şəhərində sınaq keçirməkdən xüsusi bir xoşbəxtlik duyduğunu bildirib: “Bakıda sürmək tamamilə fərqli bir hissdir. Uşaqlığımdan arzum idi ki, Azərbaycanda trek olsun, şəhər treki və yaxud daimi trek, orada sürüm. Bu gün uşaqlıq arzum gerçəkləşdi. Ona görə də çox xoşbəxtəm.”

 

Qeyd edək ki, Bakı Şəhər Halqası “Formula-1” dünyasının ən sürətli şəhər treki olaraq qiymətləndirilir. 17-19 iyun 2016 tarixlərində keçiriləcək Formula 1 üzrə dünya çempionatının 8-ci mərhələsi, Avropa Qran Prisini 30 min tamaşaçı canlı izləmək şansı əldə edəcək.